“McDonalds” şəbəkəsinin rəhbərliyindən soruşmaq lazımdır ki...” - Tahir Kərimli

 “McDonalds” şəbəkəsinin rəhbərliyindən soruşmaq lazımdır ki...” - Tahir Kərimli

"“McDonald's” restoranlar şəbəkəsinin fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılması xırda məsələ kimi görünə bilər. Amma belə deyil. Gördünüz ki, İsrail-Fələstin müharibəsində nə qədər etirazlar oldu. "McDonald's" dünyadakı şəbəkələri vasitəsilə fəaliyyət göstərdiyi ölkələrin çoxundan daha artıq vəsait əldə edə bilir. ABŞ-nin USAİD xətti ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyi oldu. Bir neçə jurnalist faktlarla məsuliyyətə cəlb edildi. Hətta Qərb dövlətlərinin səfirləri belə Xarici İşlər Nazirliyinə çağırıldı, rəsmi xəbərdarlıq edildi. Bu, Azərbaycanın əlində nə qədər ciddi faktlar olduğunu ortaya qoyur. "McDonald's" Vətən müharibəsi dövründə bir dəfə də olsun Azərbaycana dəstək vermədi. Halbuki Bakıda xeyli sayda filialı fəaliyyət göstərir. Hətta Rusiya sanksiyalardan əvvəl belə "McDonald's"ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirmişdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Dünyanın hər yerində Qərb-ABŞ bu cür təşkilatlar vasitəsilə milli dövlətləri sarsıdır, qarışıqlıq, qarşıdurma yaradırlar, demokratiya, fikir plüralizmi xətti ilə xaraba qoyurlar. Artıq Əfqanıstanın, İraqın, Liviyanın, Suriyanın simasında Amerikanın müsəlman dövlətlərini cəhənnəmə çevirdiyinin şahidi olduq. Lakin bu, Azərbaycana keçməyəcək. Çünki Azərbaycan dövləti, xalqı bu məsələdə yekdildir və kimliyindən asılı olmayaraq heç bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxiləsinə imkan vermir. Nə qədər öz aramızda fərqli fikirlərimiz olsa da, bu məsələdə yekdil olmalıyıq ki, Qərb belə hallar vasitəsilə Azərbaycana müdaxilə edə bilməsin. Ən azı "McDonald's" şəbəkəsinin rəhbərliyindən soruşmaq lazımdır ki, özünü niyə belə aparır və nə üçün alətə çevrilir?”, - deputat bildirib.

15:15 - 5 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin