35 yaşlı kişi ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi - MƏHKƏMƏ

 35 yaşlı kişi ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi - MƏHKƏMƏ

Beyləqan rayonunda 1988-ci il təvəllüdlü Tacir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 24-də baş verib. Tacir həmin gün səhər saat 07.50-də Gülnarə ilə birlikdə yaşadıqları evdə aralarında şəxsi münasibət zəminində mübahisə yaranıb. 

Yaranmış mübahisə zamanı dərs çantası ilə Gülnarənin baş nahiyəsindən qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Gülnarə ilə 2006-cı ildə evlənib: “Bu evlilikdən bizim 3 övladımız var. Hadisədən bir necə ay əvvəl olar ki, Gülnarə məni istəmədiyini, məndən boşanmaq istədiyini bildirdiyi üçün aramızda tez-tez mübahisələrimiz olur”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 23-də, gecə saatlarında yatmaq üçün otağa girərkən Gülnarə onunla birlikdə yatmaq istəmədiyini bildirib: “Buna görə də aramızda yenidən mübahisə oldu. Lakin mübahisəni davam etdirməmək üçün Gülnarənin sözlərinə fikir verməyərək yatdım. Səhəri gün, yəni fevralın 24-də, saat 07.50-də  yataq otağında divanda uzanaraq qulaqcıq ilə mahnıya qulaq asarkən Gülnarə otağa girdi. Heç bir səbəb olmadan ünvanıma nalayiq ifadə işlətdi. Buna görə də aramızda yenidən mübahisə başladı. Həmin vaxt xeyli müddətdir bizdə yaşayan qaynanam Səlimə də həmin otağa daxil oldu. Mübahisə zamanı Gülnarə yenidən mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdim. Övladımın otaqda olan kitabla dolu dərs çantasını götürərək Gülnarəni vurdum. Bundan sonra Gülnarənin başının qanadığını gördüyüm üçün otaqdan çıxdım”. 

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, narkotik vasitə alüdəçisi deyil. Həmçinin, o, otağın qapısının şüşəsini sındırmayıb, mübahisə zamanı qapını örtərkən əli ilə qapıya zərbə ilə vurub, zərbənin təsirindən qapı divara dəyib. O, törətdiyi əməldən peşman olduğunu deyib. 

İş üzrə zərərçəkmiş Gülnarənin sözlərinə görə, əri Tacir spirtli içki istifadəçisi olduğu üçün aralarında tez-tez münaqişə olur: “Son vaxtlar Tacir spirtli içki istifadəsini dayandırdı. Lakin, yenə də aramızda tez-tez münaqişə olduğuna görə, ondan boşanmaq üçün məhkəməyə müraciət etdim”. 

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə fevralın 24-də, səhər saat 07.50-də yaşadıqları evdə yataq otağında Tacir ona cinsi əlaqədə olmaq istədiyi bildirib: “Mən isə Tacirə etiraz etdim. Tacir mənimlə mübahisə etməyə başladı. Tacirə onu istəmədiyimi, ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyimi bildirdim. Bu zaman Tacir mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlətdi. Mən də Tacirə cavab qaytararaq onu söydüm. Bu zaman xeyli müddətdir bizimlə birlikdə yaşayan anam bizim mübahisə etdiyimizi eşitdi və yataq otağına daxil oldu. Mübahisə zamanı Tacir övladlarımın yataq otağında olan kitabla dolu dərs çantasını götürərək başıma zərbə ilə vurdu. Çantanın metal hissəsi alnıma dəyərək zədələdiyi üçün qan axmağa başladi. Zərbənin təsirindən özünmü itirərək divanda oturdum. Bundan sonra Tacir zədələndiyimi gördüyü üçün otaqdan getdi. Özümə gəldikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Lakin, əsəbi olduğum üçün 102 xidmətinə müraciət edərkən Tacirin narkotik aludəçisi olduğunu, Tacirin otağın qapısının şüşəsini sındırmasını, şüşənin alnıma batmasını və Tacirin evi yandırmaq istəməsini bildirdim. Əsl həqiqətdə Tacir narkotik vasitə alüdəçisi deyil, onun narkotik vasitə istifadə edib-etmədiyini dəqiq bilmirəm.  Həmçinin, Tacir otağın qapısının şüşəsini sındırmadı, mübahisə zamanı qapını örtərkən əli ilə qapıya zərbə ilə vurub. Zərbənin təsirindən qapı divara bərk dəydiyi üçün qapının şüşəsinin sınıb”. 

Bu cinayət işinə Beyləqan rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Tacirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

10:30 - 29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin