Azərbaycanda rüşvət almaqda təqsirlənirilən Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrlərindən ibarət 19 vəzifəli şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə həbsdə olan vəzifəli şəxslərdən 4 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsi barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərin vəsatətinə baxılıb.
Mühakimə olunan həbsdə olan 6 nəfərdən 4-ü ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilib.
Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin keçmiş müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinə rəhbərlik etmiş Aydın Cəfərov, Qazax şöbəsinin müdiri olmuş Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin keçmiş sədri Etibar Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Onların barəsində ev dustaqlığına qətimkan tədbiri seçilib. Onlar azadlığa buraxılıblar.
Qeyd edək ki, istintaq dövründə cinayət işi üzrə 19 təqsirli bilinən vəzifəli şəxslərdən 6-sı həbs, digər şəxslərin barəsində isə başqa növ qətimkan tədbiri seçilib.
Hazırda həbsdə 2 təqsirli bilinən şəxs qalıb.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidməti sektor müdiri İldırım Məmmədov və xidmətin Şirvan şöbəsinin keçmiş müdiri Nazim Səfərov həbsdədir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədi ilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs - Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonunun Saray, Şəki rayonunun Qoxmuq, Qazax rayonunun Daş Salahlı, Salyan rayonunun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov, Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilib.