Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Asayis.Az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rafiq Abbasovun icraatına verilib.
Məhkəmə baxışı dekabrın 8-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
İttihama görə, Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.