"Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı Kamal Akimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu barədə "AzPolitika.info"-ya Kamal Akimovun vəkili Ceyhun Yusifov məlumat verib.
Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, K.Akimovun günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.
Ətraflı
Ceyhun Yusifov işə obyektiv baxdığına görə hakim Zeynal Ağayevə təşəkkürünü bildirib.
Xatırladaq ki, prokuror ittiham nitqində 11 il həbs cəzası tələb etmişdi.
İttihamda bildirilirdi ki, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb.
K.Akimova qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun “Azimport” şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.