"Mən kənardan öz yazdıqlarıma obyektiv baxa bilirəm və bilirəm ki, istedadlıyam. Nəinki ev ala bilməyənlər, ev alanların belə hamısı istedadlı deyil. Məsələn, insanlar deyir ki, filankəs yazıq adamdır, pis vəziyyətdədir, gərək ona da ev verəydilər. Bu ev yazıqlığa görə verilməməlidir. Kiməsə sırf kasıb, imkansız, yazıq olduğu üçün ev verilməməlidir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Yazıçılar Birliyinin sədri Anarın ev verdiyi gənc yazar Ulucay Akif deyib.
“Künc-Bucaq” layihəsinin qonağı olan Ulucay yazıçılara ev verərkən əsas kriteriyanın istedad olmasının vacibliyindən danışıb:
“Mənə görə, birinci kriteriya istedad olmalıdır. İkinci meyar isə istedadlı və imkansız olmalıdır. Bu ölkədə onsuz da istedadlı və kasıb olan xeyli adam var.
Mən istedadlıyam bəli, evə də ehtiyacım var idi. Şəxsi evim yox idi. Bir evim var, o da anamın, atamın evidir və biz ailədə 4 uşağıq. O ev nə qədər mənimdir? O, ailənin evidir, mənim deyil”.
Aparıcının “Cəlil Cavanşirin də vəziyyəti pisdir. Hətta ipotekaya götürdüyü evin də əlindən alınması təhlükəsi var. Onda belə çıxır ki, Cəlil Cavanşir istedadsız yazıçıdır?” sualına cavab verən gənc yazar onun Yazıçılar Birliyinin üzvü olmadığını deyib:
“Cəlil Cavanşir Yazıçılar Birliyinin üzvü deyil. Bunun özümcə səbəblərini deyəcəyəm. Yazıçılar Birliyi ancaq öz üzvlərinə ev verir, kim nə deyir desin. Qurumun prinsipləri belədir, ancaq öz üzvlərinə verirlər və bu təbiidir. Məncə bu seçimdə haqsız da deyillər. Çünki birliyin təxminən 2500 üzvü var və həmin üzvlər də rəhbərliyə deyirlər ki, mən üzvəm, mən qala-qala niyə evi başqasına verirsən? Qurum da fikirləşir ki, öz üzvlərimin qayğısına qalmalıyam.
Mən düşünürəm ki, tək Cəlil Cavanşirə yox, digərlərinə də dövlət kömək etməlidir. Çünki bu ölkədə yazıçının yaradıcılığı ilə özünə gün-güzəran ağlamaq şəraiti yoxdur. Reallığı qəbul etməliyik, adamlar kitab oxumurlar, kitab almırlar. Yazıçı özünə necə şərait qursun?”
O, “Yazıçıya ev verilməməlidir” deyən yazıçı Əlisa Nicata da cavab verib:
“Bəziləri yazır ki, niyə yazıçıya ev verilməlidir Bunlardan biri yazıçı Əlisa Nicatdır. Biz ötən il ondan müsahibə almağa getdik və gördük ki, evində vəziyyət heç də yaxşı deyil. Özü də vəziyyətindən gileylənirdi, deyirdi ki, dövlət kömək etmir, kitablarım da satılmır. Bu məsələni ilk dəfə biz ictimailəşdirdik. Bundan sonra Əlisa Nicata yardım edildi, evinə kombi çəkildi, bəzisi ev əşyaları verdi, kart hesabına pullar köçürüldü. O zaman özü deyirdi ki, dövlət yardım etməlidir. İndi nə dəyişdi? Onda həmin yardımları da qəbul etməzdi. Deyir ki, dünya praktikasında belə şey yoxdur, məncə, dünya təcrübəsində xalqın yazıçıya kömək etməsi də yoxdur. İnanmıram ki, hansısa Avropa ölkəsində insanlar yazıçıya soyuducu alıb versin. Ötən il özü etiraf edirdi ki. yazıçı yazdıqları ilə dolana bilmir”.