"Yazıçıya, şairə, fəhləyə də ev bağışlanmamalıdır" - Azad Qaradərə

Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə ev verməsi ictimaiyyətdə müzakirələrə səbəb oldu. Ev sahibi olan 21 nəfər arasında bəzi şəxslərin təkrar ev aldığına dair iddialar da yayıldı. Bəziləri isə AYB və digər qurumlar tərəfindən ev verilməsinin əleyhinədir. Yazıçı, publisist Azad Qaradərə də bu düşüncənin tərəfdarıdır.

Asayis.Az xəbər verir ki, o açıqlamasında məsələyə münasibət bildirib:

“Yazıçılar Birliyinin üzvü deyiləm, heç vaxt da olmamışam, nəsə deməyim doğru olmazdı. Ev alanları təbrik edirəm, arzu edirəm hamının evi olsun. Ümumiyyətlə, bu fikirdəyəm ki, yazıçıya, şairə, rəssama, fəhləyə də ev bağışlanmamalıdır. Elə bir cəmiyyət qurulmalıdır ki, hamı işləyib pul qazana bilsin, yaxşı əməkhaqqı alsın, evi də özü alsın, özü tikdirsin. Heç kimə ev bağışlayıb, gözükölgəli vəziyyətə salmamalıdırlar. Bu ənənə sovet quruluşundan qalma əndirəbadi bir şeydi, ədəbiyyat, sənət adamlarının dilini gödək edirlər. Qəbul etmədiyim bir şeydi, ev versələr də götürmərəm. Yəni, bilirsiniz, bu işin bünövrəsi düz deyil. Birinə verdilər, birinə vermədilər söhbəti deyil. Yazıçıları, şairləri bir-biri ilə düşmən edirlər. Eşitdiyimə görə elə adam var ki, üçüncü dəfədi ev alır. Belə haqq-hesab olar?! Məsələni kökündən həll etmək lazımdır”. 

Demokrat

17:00 - 22 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin