Azərbaycanda dilənçilərin fantastik qazancı - Ayda 9 min manat...

 Azərbaycanda dilənçilərin fantastik qazancı - Ayda 9 min manat...
Dilənçilərin sayının günü-gündən artması günümüzün acı reallığıdır. Son zamanlar iki addımdan bir bu şəxslər nəzərə çarpır. Onların günlük gəliri adi vətəndaşın qazancından dəfələrlə artıqdır. Bunu son günlər sosial şəbəkələrdə viral olan video da təsdiqləyir.

Qeyd edək ki, sözügedən videoda azyaşlı dilənçi bir gündə 300 manat pul qazandığını iddia edib. Bu isə o deməkdir ki, bir dilənçinin aylıq qazancı orta hesabla 9 min manat edir.

Məlum videogörüntü bu davranışın ehtiyacdan çox asan qazanc olması ilə bağlı müzakirələrə rəvac verib. 

Mövzu ilə bağlı yazıçı Cəlil Cavanşir fikirlərini “Yeni Sabah”a danışıb.

Onun sözlərinə görə, bu sahəni peşəyə çevirən, dilənçi dəstəsi saxlayan insanlar var: 

“Əslində bu çox ciddi, əhatəli sosial tədqiqat mövzusudur. İşə tələsən bir vətəndaşın metronun qarşısında, küçədə, avtobus dayanacağında dilənçilik edən insanın ehtiyac meyarını ölçmək imkanı yoxdur. Hər gün qarşılaşdığımız dilənçilərin hamısı heç də dilənçiliyi peşə etmiş qaraçı xalqının nümayəndəsi olmur. Həqiqi ehtiyac sahiblərinin də dilənçiliyə məcbur olduğu məlumdur. Ümumiyyətlə, mən heç kəsin bu vəziyyətə düşməsini istəməzdim. Arzulayardım ki, ölkəmizdə bolluq, firavanlıq olsun, insanlar dilənməyə məcbur olmasın. Açığı dilənçilərin hansı şərtlərdə, hansı şəraitdə yaşaması barədə dəqiq informasiyam yoxdur. Razıyam ki, bu sahəni peşəyə çevirən, dilənçi dəstəsi saxlayan insanlar var. Ancaq bu barədə fikir söyləmək üçün dəqiq faktlar olmalıdır. Ən savadsız insan da, dilənçilər haqda yayılan müxtəlif şəhər əfsanələrini bilir. Bu barədə maarifləndirmə aparmaq əlavə vaxt itkisidir. Yaxşı olar ki, dövlət qurumları bu məsələyə nəzarət etsin ki, insanlarımızın xoş niyyəti istismar olunmasın. Çünki, nə olur olsun, mərhəmətli və ürəyiyumşaq insan gördüyü dilənçiyə əgər imkanı varsa yardım edəcək. 

Azərbaycan insanının çətin vəziyyətdə olanların qayğısına qalması heç kəsə sirr deyil. Dilənçilərə də pul verilir, həm də kifayət qədər. Bunun humanistlik, mərhəmət və ya göstəriş olduğunu deyə bilmərəm. Amma istənilən halda gözəl addımdır. Düşünürəm ki, dilənçiyə xərclənən pulla, elmə, biliyə, kitaba pul xərcləməməyi müqayisə etmək yanlışdır. Səxavət, mərhəmət başqa, şəxsi inkişafı düşünmək, gələcəyə sərmayə qoymaq başqadır. Azərbaycan insanı gələcəyindən narahat olmağa başlayanda, özünün, övladının xoş gələcəyini düşünməyə başlayanda kitaba da, təhsilə də pul ayırmağa, xərcləməyə başlayacaq”.

Sosioloq, fəlsəfə doktoru Mail Yaqub da bu mövzuya münasibət bildirib:

“Dilənçilik təkcə bizim ölkədə yox, bütün dünyada mövcud olan bir haldır. Belə adamlara pul vermək mərhəmət hissi ilə əlaqəlidir. Bütün insanlarda bu hiss var. Ancaq bizim millətimizdə qədərindən artıqdır. Təəssüflər olsun ki, biz bəzən mərhəmət hissimizi düzgün istiqamətləndirməyi bacarmırıq. Bunun bariz nümunələrindən biri də sözügedən məsələdir. Əgər kiməsə yardım etməyi düşünürüksə, öz ətrafımızda yardıma möhtac adamlara dəstək olmalıyıq. Tanıdığımız şəxslərə bu barədə kömək əlimizi uzatmaq daha doğrudur. Haqqında məlumatımızın olmadığı, ehtiyacından xəbərsiz olduğumuz şəxslərə kömək edəndə yanılma ehtimalımız yüksək olur. Əksər hallarda belə şəxslər bizim yaxşı niyyətimizdən sui-istifadə edirlər. Bəzən təkcə “qaraçı” tayfası, yaxud dilənçilik edənlər yox, eyni zamanda insanların inancından istifadə edərək, onların pullarını mənimsəyən şəxslər də qarşımıza çıxır. Bu məsələlərdə insanların maarifləndirilməsi əsas şərtdir”.
 

 

16:15 - 22 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin