Natəvanın həyat yoldaşı - "Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu" - VİDEO

 Natəvanın həyat yoldaşı -
"Mən indi başa düşürəm ki, ana olmaq nə qədər məsuliyyətlidir. Natavan üçün valideynlərindən sonra ən böyük sevgisi övladı olub. Deyirlər ki, uşaq atadan yox, anadan yetim qalır. Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri xərçəngdən dünyasını dəyişən telejurnalist Natəvan Babayevanın həyat yoldaşı Etibar Babayev “O üz” verilişinə müsabibəsində deyib. 

7 il xərçənglə mübarizə apardığını söyləyən Natəvanın əri bildirib ki, özü üçün yox, yaxın ətrafı üçün əlindən gələni əsirgəməyib: 

“Natəvan 7 ilə yaxın ağır xəstəlik keçirdi. Düşünürəm ki, o, xəstə halı ilə analıq borcunu layiqincə yerinə yetirdi. Onun dünyasını dəyişəndən sonra bu hadisənin bu qədər rezonansa səbəb olacağını təsəvvür belə etmirdim. Sən demə, ölkədə Natəvan bu qədər tanınıb, sevilirdi. Bəlkə də onun xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi. Anasını, arxasıyca atasını itirdi, qısa zamanda stress yaşadı. Qardaşının problemini içdən çəkdi. O özündən başqa ətrafı üçün “yanan” insan olub. Əgər bir daha onu görsəydim, tapşırardım ki, özünə bax, canından müğayat ol”. 

Mərhumun həyat yoldaşı onun dünyasını dəyişdiyini öz gözləri ilə gördüyünü söyləyib: 

“Natəvan son günlərini ümidlə yaşayırdı və deyirdi ki, yaşayacağam. Çox istəyərdi ki, övladının xeyir işini görsün. O öz xəstəliyini bilirdi, amma bu qədər ağır olacağını və dünyasını belə tez dəyişəcəyini bilmirdi. Onun dünyasını dəyişməsi hadisəsini mən gördüm. Danışmağa halı belə yox idi. Yenə də övladımızı istədi və onunla görüşdü. Bilmirəm, nə üçün o, sonda mənə söylədi ki, Etibar sür, sür gedək. Maksimum çalışdım ki, əlimdən gələni edim ki, ağır kimi səslənsə də, günlərinin sayını çoxaldaq. Dünyasını dəyişməsəydi, daha da çətin olardı. Deyirlər ki, cənnət anaların ayaqları altındadır. Natəvan indi cənnətdədir”. 

Qeyd edək ki, Natəvan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub.

Natəvan bu ilin iyulun 20-də Milli Onkoloji Mərkəzində 46 yaşında uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. O, ölümündən bir gün sonra səhər saatlarında doğulduğu Salyan rayonunun Parça Xalac kəndinə gətirilərək dəfn olunub. 
 

 

13:45 - 21 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin