"Özəl məktəblərdə müşahidə kameraları quraşdırılmasını təklif edirəm. Rəhbərlik və valideynlər bu kameralar vasitəsilə uşağın nə etdiyini və müəllimlərin onunla rəftarını izləyə bilərlər”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Millət vəkili bildirib ki, özəl təhsil müəssisələrinin çoxunda kameralar və yaxud kameraların geniş yaddaş və kənardan müşahidə olunma imkanları yoxdur:
“Bu hallar məktəblərdə özbaşınalıq hallarının baş verməsinə səbəb olur. Ölkənin bir çox məktəblərinin şagirdlərin bir-biri, həmçinin müəllimlərin şagirdlərlə davranışları və bunun fəsadları haqqında çoxumuz məlumatlıyıq. Məktəblər kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı, azalacağı şübhəsizdir”.
Müsahibimiz əlavə edib ki, orta məktəblərdə, xüsusilə də ibtidai siniflərdə onlayn kamera görüntülərini izləmək funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı:
“Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Təhsil ocaqlarının kameralaşması böyük məbləğdə vəsait tələb etsə də, özəl məktəblərin yüksək qiymətləri onların kameralaşma xərclərini ödəmə imkanlarının olduğunu bildirir”.
R. Quliyev xatırladıb ki, son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir:
“Əgər kameralar quraşdırılsa, valideynlər kameradan baxar ki, şagirdlər nə edir. Doğrudur, bir çox məktəblərdə dəhlizlərində kamera sistemi quraşdırılsa da, siniflərdə bu kameralardan quraşdırılmayıb. Bu səbəbdən də dəhlizlərə nəzarət mümkün olsa da, sinif otaqlarında şagirdlərin və müəllimlərin davranışları nəzarətdən kənar qalıb. Baş verən problemlərin qarşısının alınaması kameralaşdırılmadan keçir”.