Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan türkoloq alim Arif Acaloğlu Bakıda yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Onu vuran “Mercedes” markalı avtomobili idarə edən şəxs isə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
Asayis.Az mərhum alim haqda məlumatları təqdim edir:
Türkiyədə yaşayan türkoloq alim, professor, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
A.Acaloğlu 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında vəzifəsindən uzaqlaşaraq Türkiyəyə köçüb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb.
O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.