Uzun illərdir məcbur köçkün kimi Bakıda yaşayan və paytaxtda çalışan jurnalist Yeganə Quliyeva bu günlərdə doğma rayona – Laçına köçüb.
Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistin iş yoldaşı - “Teleqraf.com” saytının redaktoru Qurban Yaquboğlu bildirib:
“Tez-tez, dəfələrlə, bəlkə də hər yerdə eşitdiyimiz bir "tezis"in boşa çıxdığını bugünlərdə həyəcanla izləməmək mümkün deyil. Deyirdilər: torpaqlar alınsa da, onlar, yəni məcburi köçkünlər, yəni qarabağlılar, yəni laçınlılar, zəngilanlılar, kələbəcərlilər, füzulilər, ağdamlılar... geri qayıdan deyillər, qayıtmayacaqlar. Yalanmış. Böyük yalan.
İllərlə Bakıda yaşamış, jurnalistikayla məşğul olmuş, son illər bizimlə bir yerdə işləyən Yeganə Quliyeva sakit-səssiz, demək olar ki, heç kəsə xəbər eləmədən Laçına qayıtdı, Bakıda bütün rahatlığını, iş yerini elə Bakıya da təhvil verib Qarabağa döndü...”.
Qeyd edək ki, Yeganə Quliyeva daha əvvəl bir müddət Modern.az saytında da çalışıb.
O, həmçinin Mediaforum.az, Cebhe.info, Fed.az saytlarında və “Cümhiriyyət” qəzetində də işləyib.
Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra Bakıda məskunlaşıb. O, Bakı Avrasiya Universitetində Jurnalistika fakültəsində ali təhsil alıb.