Bakıda anasını döyən oğul ev dustağı edildi

 Bakıda anasını döyən oğul ev dustağı edildi

Bakının Nəsimi rayonunda 1979-cu il təvəllüdlü Xəyal anası Ayselə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 10-da baş verib. 

Xəyal həmin gün  saat 23.50-də orta dərəcəli sərxoş vəziyyətdə yaşadığı  mənzilin pəncərə və qapısını açıq saxladığına görə anası Ayselin irad bildirməsini cüzi səbəb kimi bəhanə gətirib. 

Xəyal heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə mənzildə olan döşəmə silən ağacla və yumruqla qəsdən Ayseli vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, anası Aysel ilə birlikdə yaşayır: 

“Hadisə günü işdən evə gəlməmişdən əvvəl 250 qram spirtli içki qəbul etdim. Evə gəldikdən sonra divanda uzanaraq televizora baxdım. Mənə isti olduğu üçün mənzilin giriş qapısını və otağın pəncərəsini açıq qoydum Otaqda işıq yanmayıb”. 

Təqsirləndirilən şəxs deyib ki, bu zaman kimsə onun ayağından iki dəfə döşəmə silən ağacla vurub: 

“Mən də həmin şəxsin oğru olduğunu, mənzilin qapısı açıq olduğu üçün içəri girdiyini düşünərək ayağa qalxdım. Yumruqla iki dəfə məni vuran şəxsi vurdum. Otaq qaranlıq olduğu üçün həmin şəxsin anam olduğunu görməmişəm. Yalnız həmin şəxs yerə yıxılandan sonra onun anam olduğunu bildim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bacısı gəlib: 

“Onlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdilər. Daha sonra anam polisə şikayət ərizəsi yazdı. Mən anamı döşəmə silən ağacla vurmamışam. Vurduğum şəxsin anam olduğunu biləndən sonra əməlimdən çox peşman olsam da, artıq gec olub”.

İş üzrə zərərçəkmiş Ayselin sözlərinə görə, oğlu Xəyal artıq 2020-ci ildən onunla yola getmir, tez-tez onunla mübahisə edir və onu döyür: 

“Ancaq bir ana kimi bu günə qədər oğlumu həmişə yola vermişəm. Lakin sonuncu hadisə günü, təqribən saat 23.50-də Xəyal içkili vəziyyətdə evin qapı və pəncərisini açıq vəziyyətdə saxladığını gördüm. Oğluma irad bildirərək, soyuq olacağını və xəstələnəcəyini dedim. Qapı və pəncərəni bağlamaq istədiyim zaman anidən Xəyal mənə tərəf gəldi və qapının yanındakı döşəmə silən taxtanı götürərək, başıma bərk zərbə endirdi. Sonra isə yumruğu ilə üzümə zərbə vurdu. Burnumun sümüklərinin sındığını hiss etdim. Başım fırlandı və özümü saxlaya bilmədim. Tez çölə çıxaraq qaçdım ki, oğlum məni döyməyə davam etməsin. Lakin bir müddət sonra özümə biraz gələndə alın nahiyəmdən qan gəldiyini gördüm”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və baş vermiş hadisə barəsində məlumat verib: 

“Polis bölməsinə ərizə yazdım. Həmin vaxt Xəyal barəsində şikayət etdiyini eşitdi və sakitləşdi”.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Xəyal 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Təqsirləndirilən şəxsin cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.

Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 
 

Demokrat.az

10:12 - 16 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin