Azərbaycanda yeni doğulan körpəyə Kərbəla torpağı yedirdiblər. Sosial şəbəkələrdə yayılan bu mənzərəni əks etdirən video geniş müzakirələrə səbəb olub. Belə ki, həmin videoda körpəyə torpaq yedizdirən şəxs bunun hədislərdən gəldiyini bildirib və fikrini belə əsaslandırıb ki, körpəyə Kərbəla torpağını yedizdirmək olar.
Hər kəsi düşündürən əsas məqam isə bu durumun həmin körpənin sağlamlığında hansı fəsadlara səbəb ola biləcəyidir.
Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, heç bir dini tezislərdə belə anormal hal nəzərdə tutulmayıb:
“Yeni doğulan körpələrin immun sistemi anadan aldığı immunitetin hesabına dözümlü olur. Onların immuniteti sonralar öz-özünə formalaşır. Belə olan halda körpələrlə münasibətdə çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Körpələr heç nədən infeksiyaya tutula bilirlər.
Əlbəttə ki, bəhsi keçən videodakı mənzərə çox təhlükəlidir. Artıq həmin uşağın bədəninə hər cür infeksiya daxil ola, onda bağırsaq pozuntusu, hətta sepsis və ağırlaşmalar yarana bilər.
Bu cür hallar yolverilməzdir. İndiki dövrdə, xüsusilə COVİD-19 pandemiyasından sonra, analarda immunitet sistemi zəifləyib.
Belə olan halda körpələrdə də bədən müqaviməti aşağı düşür. Bu baxımdan belə hallara qətiyyən yol vermək olmaz”.