Gəncədə avtomobili yol kənarında saxlayıb yatan şəxslər cərimə olunub.
Bir müddət öncə gecə 03:50 radələrində polis əməkdaşları xidmətdə olarkən iki nəfəri avtomobildə yatmış vəziyyətdə görüb, onların huşsuz vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün maşına yaxınlaşıblar. Məlum olub ki, avtomobildə biri kişi, digəri qadın olmaqla 2 nəfər var.
Bu zaman maşındakı Zaur Alıyev (şərti) qeyri-adekvat hərəkətlər nümayiş etdirdiyi üçün polis bölməsinə dəvət edilib. O, polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə Nizami RPİ-nin növbətçi hissəsinə aparılıb. İdarədə ona polisin qanuni əmrinə tabe olmadığı əsası ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.
Z.Alıyev məhkəmədə özünü təqsirli bilməyərək deyib ki, yanındakı xanım tanışıdır: “Nişan mərasimindən çıxdıqdan sonra saat 23:30 radələrində onu şadlıq sarayından götürdüm, birlikdə parka getdik. Kofe alıb içdikdən sonra hotelə gedərək gecəni orada keçirmək qərarına gəldik. Lakin hotelin adminstratoru nikah haqqında şəhadətnaməmiz olmadığı üçün bizi buraxmadı. Biz də parka qayıdıb avtomobili sakit bir yerdə saxlayıb arxa oturacaqda yatdıq. Bir qədər sonra avtomobilin pəncərəsinin döyüldüyünü eşitdik. Ayılanda polislər olduğunu gördük. Polis məndən və xanımdan özümüzü təqdim etməyimizi tələb etdi. Mən özümü təqdim etsəm də, xanımla bağlı tələbə etiraz etdim. Bu səbəbdən polis əməkdaşları məni bölməyə aparacaqlarını bildirdilər. Yanımdakı xanımın ad-soyadını təqdim etmədiyim üçün Polis Bölməsinə aparıldıq”.
Məhkəmədə ifadə verən polis serjantı Akif Vəkilov bildirib ki, ekipaj yoldaşı ilə xidmətdə olarkən iki nəfərin avtomobildə yatdığını görüblər: “Avtomobilin şüşəsini döyüb oyatdıq ki, birdən dəm qazından boğulmuş olarlar. Özlərini təqdim edərək haradan olmalarını soruşdum. Oğlan özünü təqdim etsə də, xanımın ad soyadını soruşduqda bizə Amerikada yaşadığını bildirdi. Xanıma da soyadını deməməsini tapşırdı. Hərəkətləri bizdə şübhə yaratdı, özünü aqresiv aparmağa, uca səslə qışqırmağa başladı. Onu avtopatrul maşınına mindirərək Polis Bölməsinə apardıq”.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinən Zaur Alıyev Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 150 manat cərimə edilib