COVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyən Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) 65 yaşdan yuxarı insanları indiyə qədər olduğu kimi yüksək risk deyil, artıq orta risk kateqoriyasına aid edir.
Bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahından məlumat verilib.
“COVID-19 virusunun hazırkı variantları, bir qayda olaraq, daha az ağır xəstəliyə səbəb olur. İmmunitetin səviyyəsi isə peyvənd səbəbindən daha yüksəkdir ki, nəticədə bu da əksər xəstələr üçün ağır xəstəlik və ölüm riskinin azalmasına gətirib çıxarır”, - deyə qurumdan bildirilib.
ÜST-ün xəstəliklərin müalicəsi üzrə yenilənmiş tövsiyələrinə “ağır olmayan COVID-19 xəstələrinin xəstəxanaya yerləşdirilməsinin əsas riskləri ilə bağlı yeni qiymətləndirmələr” daxildir. Bu, tibb işçilərinə xəstəxanaya yerləşdirilmə üzrə yüksək, orta və ya aşağı risk qrupunda olan şəxsləri müəyyən etməyə və müvafiq müalicəni təyin etməyə kömək edəcək.
Bəyanatda deyilir ki, hazırda orta risk kateqoriyasına əvvəllər yüksək risk qrupunda olan insanlar, o cümlədən 65 yaşdan yuxarı şəxslər, həmçinin xroniki xəstəlikləri, əlilliyi və əsas xroniki xəstəlikləri olan şəxslər daxil edilib. Söhbət piylənmə, şəkərli diabet, həmçinin xroniki xəstəliklər, o cümlədən böyrək, qaraciyər, xərçəng xəstəliklərindən gedir. Bu qrupdakı xəstələrin xəstəxanaya yerləşdirilməsi ilə bağlı təxmin edilən nisbət 3% təşkil edir.
“İmmuniteti zəif olan insanlar COVID-19-a yoluxduqları təqdirdə daha yüksək risk qrupunda qalmağa davam edirlər”, - deyə ÜST qeyd edib. Onların xəstəxanaya yerləşdirilməsi ilə bağlı nisbət 6% təşkil edir.
“Yüksək və ya orta risk katoqoriyasına aid edilməyənlərin xəstəxanaya yerləşdirilmə riski aşağıdır (0,5%). İnsanların əksəriyyəti aşağı risk altındadır”, - deyə ÜST vurğulayıb.