Şirvan şəhərində 1995-ci il təvəllüdlü Elyanur “Ağ saray” şadlıq sarayında keçirilən toy mərasimində Azərə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə 21 oktyabr 2022-ci ildə, saat 21 radələrində “Ağ Saray” şadlıq sarayında baş verib.
Elyanur sərxoş vəziyyətdə digər şəxslər üçün çalınan musiqilərdə oynamaqla, həmin şəxslərin rahatlığını pozub, toy şənliyində ucadan ünvansız nalayiq ifadələr işlədib. O, toy şənliyində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Azərin iradlarına məhəl qoymayıb, onun ünvanına nalayiq ifadələr işlədib.
Daha sonra Elyanur Azəri şadlıq sarayının həyətinə çağırıb və başı ilə onun ağız nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Elyanurun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham olunub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elyanur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 21-də tanışı, Salyan rayonu,Yeni Uluxanlı kəndində yaşayan Elçinin Şirvan şəhərində yerləşən, “Ağ saray” şadlıq sarayında toy şənliyinə dəvətli olub: “Toy şənliyində spirtli içki içdim. Təxminən saat 21 radələrində toyda çalınan musiqilərə oynadım. Üzdən tanıdığım Elçinin dayısı bildiyim Azər adlı şəxs gələrək mənə “çıxın bir az da, başqaları oynasın” dedi. İçkili olduğumdan Azərin bu sözü mənə pis təsir etdi. Onun dediyi sözə məhəl qoymayıb oynayacağımı dedim. Azərlə söhbət etmək üçün toy şənliyindən bayıra çağırdım. Mənim yanımda başqa şəxslər də olub. Lakin adlarını xatırlamıram. İçkili vəziyyətdə yanımda olan şəxslərlə birlikdə həyətə düşdüm. Azər isə ondan arxada gəldi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Azərlə birlikdə “Ağ saray” şadlıq sarayın yan tərəfinə keçiblər: “Bizdən arxada və kənardan kimlərin gəldiyinə fikir verməmişəm. Azərdən niyə görə belə etdiyini, mənim toyda oynamağıma imkan vermədiyini soruşdum. Azər toyda çalınan musiqilərə nəzarəti ona tapşırdıqlarını söylədi. İçkili olduğumdan bu söz mənə pis təsir etdi. Ona görə də başım ilə Azərin ağız nahiyəsinə bir dəfə vurdum. Bu təxminən 5 dəqiqə müddətində davam etdi. Azər əlini ağzına tutaraq başını aşağı saldı. Mənim Azəri başım ilə vurmağımı orada olan şəxslərdən kiminsə görüb-görmədiyinə fikir verməmişəm. Azər məndən mobil nömrəmi istədi. Mən də mobil nömrəmi Azərə verdim”.
Təqsirləndirilən şəxs əlavə edib ki, daha sonra orada olan şəxslər içkili olduğunu bilərək getməyini dedikləri üçün şadlıq sarayının həyətində tanımadığı taksi ilə yaşadığı Sabirabad rayonu, Qarağac kəndinə gedib: “Həmin gündən sonra bildim ki, zərərçəkmiş Azər məndən onu vurmağım ilə bağlı Şirvan şəhər polis şöbəsinə müraciət edib. Əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışam”.
İş üzrə zərərçəkmiş Azərin sözlərinə görə, oktyabrın 21-də bacısı oğlu Elçinin toy şənliyində nəzarətçi kimi toy şənliyində oynayan şəxsləri sıra ilə tənzimləyib: “Bu vəzifəni mənə toy yiyəsi, bacımın əri Cavid tapşırıb. Təxminən saat 21 radələrində bacım oğlu Elçinin tanışı, adını sonradan bildiyim Elyanur sərxoş vəziyyətdə bir neçə musiqini oynadı, toyda digər şəxslərin oynamasına imkan vermədi. Toy şənliyində üzərimə düşən vəzifə kimi nəzarətçi olaraq bunu gördüm. Elyanurun bu hərəkətinin qarşısının alınması üçün ona yaxınlaşaraq çox oynaması ilə bağlı iradımı bildirdim. Onun qolundan tutub kənara çəkmək istəyərkən üstümə qışqırdı, oynayacağını dedi. Sözlərimə məhəl qoymadı. Sonra mənə “gəl çıxaq bayıra, səninlə işim var, səni başa salacam” dedi. Elyanura aşağı düşməmişdən əvvəl nə sözü varsa indi deməyini dedim. Lakin Elyanur şadlıq sarayının həyətində söz deyəcəyini bildirdi. Elyanurun yanında onunla oynayan başqa şəxslər də olub. Lakin həmin şəxsləri tanımamışam. Elyanur səs-küy yarada-yarada yanında olan şəxslərin yanında məni ucadan nalayiq söyüşlər söyə-söyə pilləkanla aşağı düşdü. Tanışları Elyanurun yanında getdi. Mən isə tək düşdüm. Elyanur həyətdə həmin şəxslərin yanından ayrıldı. Mənim qolumdan tutub şadlıq sarayının yanına keçdik. Elyanura toyda nəzarətçi olduğumu, bunu mənə toy yiyəsinin həvalə etdiyini dedim. Bunu dedikdə Elyanur mənə heç bir söz demədən anidən başı ilə ağız nahiyəmə bir dəfə vurdu. Mən əlim ilə ağzıma tutub başımı aşağı saldım. Dodağım içəridən xəsarət aldı. Az sonra ora Elyanurun yanında olan şəxslər gəldi. Elyanur bundan sonra oradan getdi”.
Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elyanur alıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Demokrat.az