Bakının Nəsimi rayonunda 1987-ci il təvəllüdlü Elçin qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Kəmalə ilə 2011-ci ildə ailə həyatı qurub və bu nikahdan 2 qız övladları dünyaya gəlib: “2021-ci ildən etibarən ailədaxili məsələlərlə əlaqədar boşanma ərəfəsindəyik. Lakin ailəmin dağılmasını istəmədiyim üçün boşanmaq istəmirəm. Bu səbəbdən aramızda ailədaxili mübahisələrimiz tez-tez baş verir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 21.00-da birgə yaşadıqları mənzildə olduqları zaman həyat yoldaşından bir gün əvvəl nə üçün evdə olmadığını soruşub: “Kəmalə Nicat adlı bir şəxslə birlikdə dənizə getdiyini, mənim onun həyatına qarışmalı olmadığımı bildirdi. Bu sözləri eşitdikdən sonra ondan Nicat adlı şəxsi çağırmasını istədim. Lakin Kəmalənin razılaşmadığını gördüm, əsəbləşərək yataqda uzanan həyat yoldaşımın başından iki dəfə şillə zərbəsi vurdum”.
Elçin ifadəsində göstərib ki, daha sonra Kəmalə yataqdan duraraq evin qapısına tərəf gedib: “Kəmalə çölə çıxmaq istəyərkən onun qolundan tutdum və içəri saldım. Özüm isə çantamı götürdüm, şəxsi əşyalarımı yığaraq evdən çıxdım. Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan bacımgilə getdim. Bir gün sonra Kəmalənin barəmdə 19-cu polis şöbəsinə şikayət ərizəsi yazdığını öyrəndim”.
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, 3 ildir ailədaxili problemlərlə əlaqədar əri Elçinlə boşanmaq istəsə də, Elçin bununla razılaşmır və boşanmaqlarına mane olur: “Dəfələrlə bu səbəbdən aramızda söz-söhbət olub. Hadisə günü, saat 21.00-da mənim evə gec gəlməyimi bəhanə edərək Elçin mənimlə mübahisə yaratdı. Mən isə onun həyatıma qarışmamasını, ondan ayrılacağımı bildirdim . Yalandan Nicat adlı şəxslə birlikdə olduğumu dedim ki, Elçin məndən boşansın. Elçin də qətiyyətlə boşanmayacağını bildirdikdə aramızda mübahisə yaranmağa başladı. Mübahisə zamanı Elçin baş nahiyəmə bir neçə dəfə şillə zərbəsi vuraraq məni döyməyə başladı. Mən evdən getmək istəyərkən hər iki qolumdan tutdu və mənzilin içərisinə saldı. Sonra çantasını yığaraq əsəbi halda evi tərk etdi”.
Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elçin 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Demokrat.az