Prezident İlham Əliyevin anım yürüşündə plakatını daşıdığı şəhidimizin adına gəmi olacaq

 Prezident İlham Əliyevin anım yürüşündə plakatını daşıdığı şəhidimizin adına gəmi olacaq

Prezident İlham Əliyevin anım yürüşündə plakatını daşıdığı şəhidimizin adını “Palmali”nin növbəti gəmisi daşıyacaq

“Adil İbrahimli” tankeri 12 iyunda İstanbuldan səfərlərini davam etdirəcək.

Qeyd edək ki, bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimlinin ailəsi Türkiyəyə dəvət edilib. “Palmali” Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov şəhidin atasından gəmiyə “Adil İbrahimli” adının verilməsi ilə bağlı icazə alıb və xeyir duasını istəyib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimli 7 noyabr 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Adil İbrahimli noyabr ayının 20-də Bakı şəhərində dəfn olunub. Onun dəfn mərasimindən çəkilən fotoşəkil isə, eyni zamanda, Azərbaycan qadının mərdliyinin, qürurunun və vətənpərvərliyinin rəmzi olaraq aparıcı mediaların sərlövhələrində yer tutub. Fotonun qəhrəmanı həyat yoldaşının tabutunu daşıyan igid Azərbaycan qadını, şəhid Adil İbrahimlinin həyat yoldaşı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanımdır. Vətən müharibəsində Nargül xanımın qardaşı Elton Qəmbərli də doğma torpaqları naminə canından keçib və oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr 2021-ci ildə keçirilən Anım Günündə Bakı şəhərində təşkil edilmiş yürüş zamanı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev məhz Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimlinin fotosu əks olunmuş plakatı daşıyırdı.


22:45 - 9 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin