Rusiya Federasiyası Federal Şurasının prezidenti Valentina Matviyenko Rusiyada “Xoşbəxtlik Nazirliyi”nin yaradılmasını, eləcə də “Ümumdünya Xoşbəxtlik” qanununun qəbulunu təklif edib.
“Bütün qərarlar, qanunlar bu qurumdan keçəcək və hökumətin yeni qərarının insanları sevindirib - sevindirməyəcəyini müəyyənləşdirəcək”, - deyə məmur bildirib.
“Hələlik mənim dəstək qrupum kiçikdir, amma əminəm ki, vaxt gələcək, biz Rusiyada Xoşbəxtlik Nazirliyi yaradacağıq”, - Federal Şuranın rəhbəri əlavə edib.
Maraqlıdır, Azərbaycanda da belə bir nazirlik yaratmaq mümkündürmü?
Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.
Deputat Fazil Mustafa bildirib ki, bu, çox romantik bir təklifdir:
“Əslində, biz də Azərbaycanda “Problemlərin Həlli Nazirliyi”nin yaradılmasını təklif etmişdik. Həllini tapmayan məsələləri sözügedən nazirlikdə həll etmək olardı. Azərbaycanda xoşbəxtliyə o qədər də ehtiyac yoxdur. Sadəcə bədbəxtliyin azaldılması istiqamətində addımlar atmalıyıq. Problemlər həll olanda insanlar onsuz da özlərini məmnun hesab edirlər. Məmnuniyyət bizim üçün xoşbəxtlikdən daha önəmlidir”.
Millət vəkili Etibar Əliyev qeyd edib ki, Azərbaycanda belə bir nazirliyin yaradılmasına ehtiyac yoxdur:
“Azərbaycan sosial dövlətdir. Dövlətin qəbul etdiyi bütün qanunlar və qərarlar vətəndaşın yaxşı yaşaması üçündür. Rusiyada belə bir nazirlik yaradılsa, hansı effekti verdiyini, vətəndaş üçün hansı nəticələrə gətirib çıxardığını öyrənə bilərik”.