AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətləri ulu öndər Heydər Əliyevin 100 illiyi, Prezident İlham Əliyevin hakimiyyətə gəlməyinin 20 illiyi və Zəfər Günü ilə bağlı “Zəfər işığı” adlı geniş tədbir keçiriblər.
Asayis.Az xəbər verir ki, “AzərEnerji” ASC-nin Baş İdarəetmə Kompleksinin binasında yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk öncə dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə “AzərEnerji” və “Azərişıq” tərəfindən görülən işlərə həsr olunmuş “Zəfər işığı” adlı filmin nümayişi olub.
“AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək ulu öndərin energetika sahəsində gördüyü işlərdən danışıb: “Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan müstəqil Azərbaycanın elektroenergetikası məhz cənab Prezident İlham Əliyev tərəfindən bugünki səviyyəyə çatıb. Bu gün Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxdan artıq yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxın hissəsinin ixrac edilməsi, qeyri neft sektorunda enerji ixracının neçə illərdir birinci olması və digər bu kimi məsələlər Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür”.
Tədbirdə çıxış edən qocaman energetik Baxış Babayev, Akademik Arif Həşimov, professor Nurəli Yusifbəyli də Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad olunması və bunu ardınca həyata keçirilən quruculuq işlərindən danışıblar.
Daha sonra 3 il ərzində işğaldan azad olunan ərazilərin elektrik təchizatında xüsusi fədakarlıq göstərən “AzərEnerji” və “Azərişıq” əməkdaşları müxtəlif nominasiyalar üzrə Baba Rzayev və Vüqar Əhmədov tərəfindən mükafatlandırılıb.
Tədbirin sonunda konsert proqramı təşkil olunub.