“Bu şəxslərə ünvanlı sosial yardımı necə verməyə bilərik?!” — TƏKLİF

 “Bu şəxslərə ünvanlı sosial yardımı necə verməyə bilərik?!” — TƏKLİF

Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ünvanlı sosial yardım məsələsinə toxunub.

O deyib ki, ünvanlı sosial yardımları daim vermək olmaz, bir il verilir, sonra gərək həmin vətəndaşlar işləsinlər:

“Vətəndaşları ələbaxımlı öyrədə bilmərik. Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.

Asayis.az xəbər verir ki,məsələyə Demokrat.az-a açıqlamasında  münasibət bildirən sosioloq Əhməd Qəşəmoğu hesab edir ki, ölkədə ünvanlı sosial yardımların verilməsilə bağlı əvvəldən yanlışlıqlar var:



“Ağır vəziyyətdə olan vətəndaşa ünvanlı yardımı bir il verdin, yaşadı, sonra necə davam edəcək yaşamağa? Ünvanlı sosial yardımı iki kateqroriyaya ayırmalıyıq. Birinci kateqoriya elə şəxslərdir ki, onlara ünvanlı  yardım verməklə kömək etməliyik ki, özlərinə iş qura bilsinlər. Elə etmək lazımdır ki, bu şəxslər özləri pul qazanmağa başlasınlar. İkinci kateqoriyaya isə elə şəxslər daxil edilməlidir ki, onların ağır xəstəlikləri, psixoloji xəstəlikləri var. Nə qədər kömək edilsə də, onların özləri üçün pul qazanmaq imkanları olmayacaq. Bu adamlara daim verilməlidir ünvanlı yardımlar. Bu məsələlər dərindən təhlil edilməlidir. Əmək qabiliyyətli şəxsə özünə şərait qurması üçün bir il ünvanlı sosial yardım verilə bilər, əgər o adam bundan  istifadə edə bilməsə, tənbeh olunması üçün yardımı kəsmək olar. Əks halda büdcədən pul havayı xərclənir. Lakin ikinci kateqoriyaya aid etdiyim şəxslərə verilən ünvanlı yardımı kəsmək olmaz”.


Törə Zeynallı
Demokrat.az   

17:00 - 7 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin