“Bunun üçün vəhşi heyvanları öldürmək lazım deyil” — Ov qadağan edilir?

 “Bunun üçün vəhşi heyvanları öldürmək lazım deyil” — Ov qadağan edilir?

Gələcəkdə Azərbaycanda ov qadağan edilə bilər.

Asayis.az 
APA-ya istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev deyib.

Onun sözlərinə görə, bu, heyvan populyasiyasının artımına müsbət təsir göstərən amildir:

“Belə bir təcrübə dünyada mövcuddur. Bu məsələyə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə deyil, Zoologiya İnstitutu ilə birlikdə baxılmalıdır. Bu məsələdə maraqlı tərəflər də kifayət qədərdir”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, ovçuluğun tamamilə qadağan edilməsi mümkün deyil, lakin ən azından bir neçə ilə ov məhdudlaşdırıla bilər:

“Lakin bu zaman bütün maraqlı tərəflərlə razılığa gəlmək lazımdır. Bu sahədən gəlir əldə edən şirkətlər, yerli icmalar var. Bu istiqamətdə ictimai dinləmələr keçirilməli, ictimaiyyətin fikri öyrənilməlidir”.

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında ölkədə ovçuluğun qadağan edilməsi fikrini müsbət dəyərləndirib:



“Bugünkü gündə ov öz funksionallığını itirib. Qədimdə insanlar qida ehtiyaclarını təmin etmək üçün ov edirdilər. Bu gün isə ov etmək sırf əyləncə məqsədi daşıyır. Əylənmək istəyən özünə başqa vasitələr tapa bilər. Bunun üçün vəhşi heyvanları öldürmək lazım deyil. Azərbaycanda ov tamamilə qadağan edilsə, yaxşı olar. Dünyada ətraf-mühitə dost olan ölkə kimi tanınarıq”.


 

13:00 - 7 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin