Şöbə müdiri məhkəmədə rüşvət almadığını dedi

 Şöbə müdiri məhkəmədə rüşvət almadığını dedi

"Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən İlqar Qaracayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Asayis.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Daha sonra ifadə verən İlqar Qaracayev özünü təqsirli bilməyib. O, heç kimdən rüşvət almadığını deyib. 

Bundan sonra xəstəxananın iki əməkdaşı ifadə verib. Şahidlər xəstəxanaya müraciət edənlərdən pul almadıqlarını, İlqar Qaracayevə heç bir pul çatdırmadıqlarını deyiblər.

Növbəti proses noyabrın 6-da davam edəcək.
 

11:00 - 5 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin