İyunun 7-də Baş prokuror Kamran Əliyev Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 30 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Gədəbəy və Daşkəsən rayon, eləcə də Şəmkir hərbi prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.