Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik - Deputat

 Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik - Deputat

"Dövlət büdcəsinə Neft Fondundan transferlər çıxanda gəlirlər azalır”.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlətin qarşısında duran vəzifələrin icrası üçün vəsait lazımdır: “Biz Qarabağı azad edəndə dedik ki, iqtisadiyyatımız Ermənistandan çox güclüdür. Amma vergi və gömrük rüsumlarını artırmaqla düşünmürəm ki, bu sahədən gəlirlər artsın. Əsas odur ki, iqtisadiyyatımız böyüsün. İqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir. Mikayıl müəllim çıxışında dedi ki, iri dövlət müəssisələrində dövlətin payı azalacaq. Azaltmaq yox, ümumiyyətlə dövlətin payı olmamalıdır. Azərbaycanda böyük özəlləşdirməyə getmək lazımdır. Ciddi rəqabət mühiti yaradılmalı, sahibkarlar güclü kənar təsirlərdən qorunmalıdır. Bunun üçün güclü məhkəmə hakimiyyətinin yaradılmasına ehtiyac var”.

Qüdrət Həsənquliyev ixracla bağlı vergi güzəştləri ilə məsələsinə də toxunub: “Güzəştlərdən sui-istifadə halları var. Amma mən bunun ləğvini doğru saymazdım, çünki ölkəyə investisiya təşviqinə bu mənfi təsir göstərər. Son 30 ildə 200 milyard manat investisiya qeyri-neft sektoruna yönəldilib. Bu, çox kiçik rəqəmdir”.

Deputat quru sərhədlərinin bağlı qalması məsələsinə də toxunub: “Hazırda biz bilirik ki, quru yollar bağlıdır. Pandemiya bütün dünyada bitir. Bir məqamı da qeyd edim. Bizim sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər. Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik ki?! Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”

12:36 - 3 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin