Türkiyəli alimlər Mersinin Anamur rayonundakı Morca mağarasının dərinliklərində apardıqları araşdırmada dünyada bənzəri olmayan canlı növü aşkar ediblər.
Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yeni növə yalnız Türkiyədə rast gəlinir və Morka mağarasının ən dərin yerlərində yaşayır.
Morka mağarası Anamur sərhədləri daxilində 2100 metr yüksəklikdə yerləşən şaquli mağaradır. Bura Türkiyənin 3-cü ən dərin mağarasıdır.
Ege Universiteti Su Canlıları Fakültəsinin Su Canlıları Təməl Elmləri Bölməsinin Daxili Su Biologiyası Bölməsi Müəllimi Professor Murat Özbek və Isparta Tətbiqi Elmlər Universitetinin professoru Gökhan Aydın Morca mağarasında kəşf etdikləri bu yeni növə "Gammarus morcae" adını verib.
Araşdırmalar nəticəsində “Gammarus morcae”nin gözlərinin olmadığı müəyyən edilib. Bu, dərin yeraltı sularda yaşamağa uyğunlaşan canlılarda tez-tez görülən uyğunlaşma xüsusiyyətidir. Bu kəşf həm də qrunt sularında yaşayan canlılar haqqında ən dərin məlumat verilmiş tədqiqatlardan biri kimi önə çıxır.