Türkiyədə 17 yaşlı O.K. və D.K. 3 gün 3 gecə davam edən toyun son günü polis bölməsinə gedərək bir-birlərindən şikayət ediblər.
Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin əks-sədası davam edərkən, gəlinin atası Y.D.-nin 2019-cu ildə qızının fotosunu paylaşaraq "Bu qız satılır" sözlərini yazdığı məlum olub. Atanın daha əvvəl də qızı dini toyla evləndirmək istədiyi şəxsləri aldatmağa çalışdığı iddia edilib.
İttihamları rədd edən Y.D. qızının şəklini zarafat məqsədilə paylaşdığını bildirib.
Xatırladaq ki, Konyada yaşayan 17 yaşlı O.K. və D.K.-nın ailələrinin razılığı ilə avqustun 3-də rəsmi nikahları olub.
Cütlük oktyabrın 19-dan 21-ə kimi bəyin məmləkəti Balıkəsirdə 3 gün 3 gecə toy hazırlığına başlayıb. Bəy tərəfi bu prosesdə qızın atasına 250 min lirə başlıq pulu verib. Oktyabrın 19-da Susurlukda ailələr bir araya gəlib. İddiaya görə, toyun ikinci günü qız tərəfi zinət mərasimindən sonra yaxınlarından birinin dünyasını dəyişdiyini və Konyaya qayıtmaq istədiyini bildirib. Qız tərəfinin tələsik hərəkətlərindən şübhələnən bəyin ailəsi gəlinin zinət əşyalarını burada qoymasını istəyib.
Bu səbəbdən tərəflər arasında dava düşüb. (Milli.az)