Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti 341 min manatlıq dələduzluqda ittiham olunur

 Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti 341 min manatlıq dələduzluqda ittiham olunur

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmasını istəməyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-ə kimi təxirə salınıb. 

Məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqda təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

20:43 - 6 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin