Ədliyyə Nazirliyi tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli səviyyədə və müxtəlif beynəlxalq platformalar çərçivəsində sıx işgüzar fəaliyyət davam etdirilir.
Bu barədə Asayis.Az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, təkcə bu ay ərzində üç nəfər şəxs Böyük Britaniyadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya edilib.
Bundan əlavə, qabaqcadan bir qrup şəxslə əlbir olaraq oğurluq cinayətinin (AR Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Səxavət Niftalıyevin yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib.
Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Polşanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək onun təslim edilməsinə dair razılıq əldə olunub.
Oktyabrın 26-da Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən həmin şəxs Polşadan ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.