"Vaqif Xaçaturyan, qardaşı və digərləri Meşəli kəndinə hücum etmişdilər. Vaqif orada olmadığını yalandan deyir”.
Asayis.Az "Report"a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Çərkəz Mehrəliyev deyib.
O, ermənilərin kəndə hücumu nəticəsində anasının, bacısının və qızının xəsarət aldığını söyləyib: “Onlar dinc əhaliyə hücum etmişdilər. Vaqif, qardaşı və digərləri də orada idi. Onların azərbaycanlılara nifrət edirdilər. Ermənilər deyirdilər ki, torpaq, kənd bizimdir və buradan çıxıb gedin. Yaylaqda dərman verib mal-qaramızı da qırmışdılar”.
Vaqif Xaçaturyan məhkəmədə günahsız olduğunu deyib: “Dədəmin adı da Çərkəz olub. Mən heç kimə heç nə etməmişəm”.
Zərərçəkmiş isə ona cavab verib: “Sən yalandan danışırsan. Niyə edirdiniz? Bizdən sizə qarşı güllə atan olub?
Prosesdə Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov Vaqif Xaçaturyana sual verib: “Siz burada ifadələrinizdə orada olmadığınızı deyirsiniz. Təklikdə olan zaman nələrdəsə özünüzü günahkar bilirsinizmi?”
Vaqif Xaçaturyan isə suala cavabında söyləyib: “Mən bizimkilər tərəfdən olanlara görə Azərbaycan xalqından üzr istəyirəm”.