“Uşaq mənimdir, istədiyimi edərəm”... - Nəzarət güclənir

 “Uşaq mənimdir, istədiyimi edərəm”... - Nəzarət güclənir

Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edən valideynlər cəzalandırılacaq.

Asayis.Az
 xəbər verir ki, bununla bağlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanuna dəyişiklik təklif edilib.

Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkarlıq fəaliyyətinə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş valideynlər və ya digər qanuni nümayəndələr, vəzifəli şəxslər barədə müvafiq addımlar atacaq. Həmçinin yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxslər, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən şəxslər haqqında da qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən sosioloq Lalə Mehralının sözlərinə görə, uşaqların təlim-tərbiyəsində valideynlə bərabər dövlətin də iştirakı bütün normal cəmiyyətlər üçün xarakterikdir:



“Tək təhsil üzrə deyil, mənəvi dəyərlər, cəmiyyətə adaptasiya, zərərli vərdişlərdən uşaqların qorunması, əxlaqi dəyərlərin aşılanması baxımından dövlət də dəstək göstərməklə öz iştirakını təmin edir. Valideyn “uşaq mənimdir, istədiyimi edərəm” düşüncəsinə qapılmır. Bilir ki, uşağın üzərində dövlətin də haqqı var və nəzarət mexanizmini həyata keçirir. Valideyn övladını istismar edəndə, təhsil, tərbiyə verəndə, hətta onun üçün bədii ədəbiyyat seçəndə belə iki dəfə düşünməli olur.

Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, valideyn uşağı dünyaya gətiribsə, onun üzərində bütün haqlara sahibdir. Kökündən yanlışdır. Dövlət öz vətəndaşı üçün nəyin ziyanlı, nəyin faydalı olduğunu bilən ən ali qurumdur. Valideyn universal deyil, hər şeyi bilə bilməz. Lakin dövlətin hər sahə üzrə aidiyyəti qurumları və həmin qurumlarda işləyən peşəkarlar var ki, onların dəstəyinə ehtiyac duyulur. Dövlətin nəzarət mexanizminin tətbiqində, qanun layihələrində, qadağalarda bu özünü göstərir”.

12:36 - 24 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin