39 yaşlı kişi istirahət mərkəzində dava saldı, polislərə hücum çəkdi - TƏFƏRRÜAT

 39 yaşlı kişi istirahət mərkəzində dava saldı, polislərə hücum çəkdi - TƏFƏRRÜAT

Masallı rayonunda 1984-cü il təvəllüdlü Fuad istirahət mərkəzində dava salıb, polis əməkdaşlarına müqavimət göstərib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin oktyabrın 20-də Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzində baş verib. 

Fuad orada sərxoş vəziyyətdə ünvansız söyüş söyməklə xuliqanlıq edib. Hadisə yerinə gələn polis əməkdaşlarına müqavimət göstərib.

Hadisəni törədən Fuadın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada ittiham verilib. 

Barəsində inzibati qaydada iş açılan Fuad bildirib ki, hadisə günü, saat 17 radələrində “Gölüstü” istirahət mərkəzinə gedib: “Orada həmkəndlim və tanışım Rövşən adlı şəxsin sərxoş vəziyyətdə oturduğunu, istirahət mərkəzində kiminləsə mübahisə etdiyini gördüm. Həmin istirahət mərkəzinin əməkdaşlarından kimsə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi. Həmkəndlim Rövşənə etdiyi hərəkətlərinə görə iradımı bildirdim. Həmin vaxt polis əməkdaşları istirahət mərkəzinə gələrək Rövşəni Masallı rayon polis şöbəsinə dəvət etmək istədilər. Mən polis əməkdaşlarına iradımı bildirərək tanışımın yerində izahatının alınmasını, məsələnin həll edilməsini tələb etdim. Həmin vaxt özüm də sərxoş olduğumdan əsəbiləşərək ünvansız söyüşlər söyməyə başladım. Polis əməkdaşları məni nizam-intizama dəvət etsələr də, polisin qanuni tələbinə tabe olmayaraq tanışımın polis şöbəsinə aparılmasına müdaxilə etdim”. 

Fuad qeyd edib ki, buna baxmayaraq, polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirməklə Masallı rayon polis şöbəsinə dəvət edən zaman onun mobil telefonunu tələb ediblər: “Lakin mobil telefonumu polis əməkdaşlarına təhvil verməyək, ünvansız söyüşlər söyməklə polis əməkdaşlarına tabesizlik göstərdim. Polis əməkdaşları məni xidməti avtomaşınla Masallı rayon polis şöbəsinə apardılar”.

İş üzrə şahid qismində ifadə verən Masallı rayon polis şöbəsinin Post Patrul Xidməti bölüyünün manqa komandiri bildirib ki, hadisə günü saat 17 radələrində polis baş serjantı Xosiyev Səfa, polis serjantı Elvin Əliyev ilə birlikdə Masallı rayonu, Qəriblər kəndi ərazisində xidmətdə olublar: “Növbətçi hissədən radioefir vasitəsi ilə məlumat verilərək Qəriblər kəndindəki “Gülüstan” istirahət mərkəzinə yaxınlaşmağımızı, orada olan əməliyyat qrupuna kömək etməyimiz bildirildi. Biz dərhal qeyd olunan ünvana yaxınlaşdıq. Orada mübahisə olduğunu gördük. Həmin vaxt bir nəfər sonradan adının Fuad bildiyimiz şəxs polislərə yaxınlaşaraq mübahisə edən şəxsi rayon polis şöbəsinə aparmamalarını, yerində həll etmələrini bildirdi. Ona irad bildirdik ki, polisin qanuni fəaliyyətinə mane olmasın. Şəxs isə buna etiraz edərək səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək işimizə müdaxilə etdi. Onu bir neçə dəfə nizam-intizama dəvət etsək də, qanuni tələblərimizə məhəl qoymadığından onu polis şöbəsinə dəvət etdik. Bu zaman Fuad gəlməkdən imtina edərək, polis avtopatruluna əyləşməyəcəyini bildirdi. Ona üzərində olan mobil telefonu təqdim etməsini bildirdirdikdə isə üzərində olan mobil telefonu təqdim etmədi. Bizə “siz kimsiz ki, sizə mobil telefon verim” deyərək bir daha qanuni tələblərimizə tabe olmadı. Onu iradəsinə zidd olaraq avtopatrula əyləşdirərək polis şöbəsinə gətirdik, növbətçi hissəyə təhvil verdik”.

Masallı rayon Məhkəməsinin qərarı ilə Fuad 10 gün müddətə inzibati qaydada həbs edilib. 
 

Demokrat.az

17:48 - 23 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin