Avtomobil qəzalarında ölən və xəsarət alan şəxslərin sayı ötən illərlə müqayisədə azalıb.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru İkram Məmmədov deyib.
O bildirib ki, ötən 3 ilə yaxın müddətdə avtomobil qəzalarının qarşısının alınması və ağırlıq dərəcəsinin aşağı salınması sahəsində dayanıqlı müsbət təmayül qeydə alınıb: "Statistikaya əsasən dövlət müstəqilliyindən əvvəlki dövrdə il ərzində yol-nəqliyyat hadisələrində orta hesabla 1300-dək şəxs həlak olur, 4 minə yaxın insan xəsarət alırdı. Həmin vaxtdan ötən müddətdə avtomobillərin sayı 4 dəfə (387665 - dən 1.620.910 - a qədər) artsa da, qəzalarda ölənlərin (557) sayı 2 dəfə, xəsarət alanların sayı (2250) təxminən 2,5 dəfə azalıb".
Polis mayoru qeyd edib ki, Avropa Komissiyasının hesablamalarına əsasən, əhalinin hər 100 min nəfərinə nisbətdə yol-nəqliyyat hadisələrində həlak olanların sayına görə respublikamız dünyada 28-ci yerdədir.