15 oktyabr Azərbaycan Günü elan edilsin? - ZİYALILAR DANIŞDILAR

 15 oktyabr Azərbaycan Günü elan edilsin? - ZİYALILAR DANIŞDILAR

Xəbər verdiyimiz kimi, deputat Kamal Cəfərov Milli Məclisdə keçirilən iclasda çıxışı zamanı 15 oktyabrın Azərbaycan Günü elan edilməsini təklif edib. O vurğulayıb ki, məhz 2023-cü il 15 oktyabr tarixində Ali Baş Komandan İlham Əliyevin Xankəndində, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi, suverenliyini tam bərpa etdi.

Asayis.Az deputatın təklifinə tanınmışların münasibətini öyrənib:

Xalq yazıçısı Anar:


“Gözəl təşəbbüsdür. Cənab Prezidentin əzmkarlığı və Azərbaycan ordusunun qətiyyəti sayəsində bu gün hər qarış torpağımızda bayrağımız dalğalanır. 15 oktyabr tarixinin əlamətdar gün kimi qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir”.

Deputat Sabir Rüstəmxanlı:


“Müstəqilliyin Bərpası Günü həm də bütöv və müstəqil Azərbaycanın günüdür. İşğaldan azad edilən hər rayonun günü var. Xankəndi günü də qeyd olunacaq, şübhəsiz. Azad edilən torpaqlarımızda bərpa və quruculuq işləri davam edir. Möhtəşəm işlər görülüb və görülməkdədir. Minaların təmizlənməsi ən vacib məsələdir. Bundan sonra yeni yolların, tunellərin sayı artacaq, hava limanları inşa ediləcək. Qarabağın dağlıq hissəsində mina problemi yoxdur, evlər də nisbətən yaxşı vəziyyətdədir. Bu ərazilərə azərbaycanlıların qayıdışı təmin olunmalıdır. Cənab Prezident uydurma tarixə son qoydu, Qarabağda yeni dövr başlayıb. Bütün Azərbaycan xalqı bunun dəyərini bilir və hər kəs öz əməli ilə qazanılmış qələbənin uzunömürlü olmasına töhfə verməlidir”.

Xalq artisti Rasim Balayev:

“Xankəndinə, Xocalıya, Xocavəndə bayrağımızın sancıldığı tarix xalqımız üçün yaddaqalan, önəmli gündür. Hətta deyərdim ki, 21-ci əsr tariximizdə ən böyük hadisələrdən biridir. Qeyd edilməlidir fikrimcə, müsbət dəyərləndirirəm bu təklifi. Hansı şəkildə və adla qeyd olunacağı isə Cənab Prezidentin ixtiyarındadır”. 

Xalq şairi Vahid Əziz:
   

“Deputat bu sözü deyibsə, demək, düşünməyə dəyər. Parlamentin və ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Azərbaycanla bağlı, Ümummilli Lider Heydər Əliyev, Cənab Prezident İlham Əliyevlə bağlı hər nə varsa, mənim üçün əzizdir, doğmadır”. 

Əməkdar jurnalist Elçin Şıxlı:


“Səsləndirilən təklifi müsbət dəyərləndirirəm. Bu tarixi qeyd etməliyik. Çünki məhz həmin gündə torpaqlarımızın bütövlüyü tam təmin olundu. Bütün Qarabağ ərazisində suverenliyimizi bərpa etdik. Rəsmi gün kimi elan olunması təqdirəlayiq olardı. Hansı adın veriləcəyi isə müzakirələrə açıq mövzudur”. 

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə də Demokrat.az-a açıqlamasında deputatın təklifini yüksək qiymətləndirmişdi.
O bildirib:


“Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qələbə sevinci yaşayırıq. Xalqımız əsrlər keçsə də unudulmayacaq tarixi zəfərə şahidlik edir. Bunu tam səmimiyyətimlə deyirəm. Bayrağın qarşısında əsgər formasında Cənab Prezident çıxış edəndə mən də ona qulaq asırdım. Oktyabrın 15-i tarixdə yeni səhifədir, ölkə başçısı tariximizi yenidən yazır. Bu gün rəsmi bayram kimi qeyd edilməyə layiqdir”.
 

13:36 - 19 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin