“Arvadım mənə böhtan atır” - Ailə münaqişəsi

 “Arvadım mənə böhtan atır” - Ailə münaqişəsi

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Muxtar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, Muxtarla həyat yoldaşı Aynurə arasında şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. 

Mübahisə zamanı hər iki əlləri ilə həyat yoldaşının boğazını və ağzını sıxmaqla divara vurub. Nəticədə qadın xəsarət alıb. 

Hadisəni törədən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2015-ci ildə Aynurə ilə rəsmi ailə həyatı qurub: Birgə nikahımızdan 2016-cı il təvəllüdlü Rauf və 2018-ci il təvəllüdlü Səbinə adlı 2 övladım var. Ailəmizdə əvvəllər də mütəmadi olaraq münaqişələr baş verirdi. Həmçinin bir dəfə Aynurə 2 övladını da qoyub harasa getmişdi deyə onun tapılması üçün polisə şikayət etmişdim. Hər dəfəsində Aynurə mənə şər-böhtan ataraq guya başqa bir qadınlarla oturub durduğumu, onunla münasibət yaratdığımı, əlimə düşən pulları ora xərclədiyimi deyib. Bu səbəblə mübahisələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə yaşadıqları evdə yenə aralarında sözlə mübahisə baş verib: “Aynurə mənimlə pul davası etdi və məni evdən qovdu. Arxamca nalayiq söyüşlər söydü. Həmin vaxt gedərək valideynlərimin evində qaldım. Hadisə baş verən günü, təxminən saat 16 radələrində evimə  Aynurə qapını açdı, içəri girəndə yenə məni təhqir etdi. Mən də əsəbləşərək hər iki əlim ilə onun boğazından və ağzından möhkəm tutdum ki, səsini kəssin, qonşular eşidir. Onu arxaya aparıb divara sıxdım və dedim ki, sakit dur, normal söhbət edək. Həmin vaxt Aynurə əlimdən çıxdı və yenə öz nalayiq söyüşlərinə davam etdiyi üçün əsəbiləşdim. Evdən çıxaraq valideynlərimin qaldığı 12-ci mikrorayona getdim. Sonradan eşitdim ki, Aynurə barəmdə şikayət edib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadıqları ev atasına məxsus evdir, lakin Aynurə onu hər dəfə evdən qovur. O, əməlindən peşman olduğunu deyib. Bildirib ki, Aynurə ilə barışıq üçün cəhd etməyib, barışmaq fikri yoxdur. Təqsirləndirilən şəxs 3-cü dərəcə əlilliyi olduğunu deyib. 

Təqsirləndirilən şəxs bildirib ki, himayəsində azyaşlı övladları var, gələcəkdə onlara aliment ödənilə bilər. 

İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, ailələrində əvvəllər də mütəmadi olaraq münaqişələr baş verib, Muxtar onu bir neçə dəfə də döyüb: “Sonuncu dəfə isə 1 il bundan əvvəl məni döydüyü üçün polisə şikayət etmişdim. Sonra isə dərhal şikayətimi geri götürdüm ki, ailəm dağılmasın.Sonuncu dəfə yaşadığımız evdə aramızda mübahisə baş verdi. Səbəbi isə Muxtarın başqa-başqa qadınlarla münasibət yaratması olub. Həmçinin bir neçə dəfə telefonunda başqa bir qadınla yazışdığını görmüşəm. Muxtar evə, uşaqlarına, nə də mənə pul xərcləmədiyi üçün aramızda mübahisə yaranıb. Həmin vaxt onu evdən qovdum”. 

Zərərçəkmiş deyib ki, hadisə baş verən günü, təxminən saat 16 radələrində Muxtar evə gəlib: “Qapını açdım, evə daxil olan kimi mənə nalayiq söyüşlər söyərək təhqir etdi. Mən də Muxtarı evdən çıxarmaq istədim. Muxtar mənə tərəf gələrək hər iki əli ilə boğazımdan və ağzımdan tutaraq sıxdı. Divara tərəf apardı və başım divara dəydi. Sonra Muxtarın əlindən çıxdım və üzərimə qışqıraraq səs-küy yaratdı. Muxtar sonra evdən çıxaraq getdi. Sonra bu barədə 102 xidmətinə zəng vuraraq məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Muxtarın aylıq qazancından dövlət nəfinə 5 faiz məbləğində pul tutulmaqla, 10 ay müddətinə islah işləri cəzası təyin edilib. 

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Demokrat.az

11:24 - 19 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin