Taleh Yusifova hökm oxundu

 Taleh Yusifova hökm oxundu

Taleh Yusifova hökm oxunub.

Asayis.Az
 xəbər verir ki, İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə insanları cəlb etməkdə təqsirləndirilən Taleh Yusifovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxs Taleh Yusifov 4 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilib), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib. 

Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

14:48 - 18 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin