Vəfat edən nənəsi Mahir Emrelini məhkəməyə verib

 Vəfat edən nənəsi Mahir Emrelini məhkəməyə verib

Futbol üzrə Azərbaycan milli komandasının və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli və onun bacısı Ayşa Emreli barəsində qaldırılan iddia üzrə növbəti məhkəmə iclası noyabr ayının 1-də keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mahir Emreli və bacısı barəsində iddianı nənələri Mahirə Quliyeva tərəfindən qaldırılıb. İddia mənzildən istifadə hüququna xitam verilməsiylə bağlıdır.

Mahirə Quliyeva tərəfindən qaldırılan iddiaya ilk dəfə bu ilin aprel ayının 19-da baxılıb və iş üzrə icraat dayandırılıb.

Lakin, oktyabr ayının 11-də yenidən iclas keçirilib və növbəti baxış iclası noyabr ayının 1-nə təyin olunub.

Maraqlıdır ki, Elektron Məhkəmə Portalında iddiaçı kimi göstərilən Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. 1950-ci ildə anadan olan Mahirə Quliyeva filologiya elmlər doktoru, professor olub. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda işləyib. Tanınmış prodüser Anar Mədətovun anası olan Mahirə Quliyeva bir-neçə il əvvəl oğlunun ailəsində baş verənlərə görə gəlinini günahlandırmışdı.

Xatırladaq ki, ailədaxili münasibətlər səbəbindən Mahir atasının soyadından (Mədətov) və adından (Anar) imtina edərək özünə yeni soyad (Emreli) və yeni ata adı (Mahir) seçib. Hazırda rəsmi sənədlərdə futbolçu Mahir Emreli Mahir oğlu kimi təqdim olunur.

 

12:00 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin