“Birinci sinif şagirdinin çantası 7 kiloqramdır” - Məktəblinin ağır “dərdi”

 “Birinci sinif şagirdinin çantası 7 kiloqramdır” - Məktəblinin ağır “dərdi”

Məktəbli çantaları ildən-ilə ağırlaşmağa davam edir. Ağır dərsliklər azmış kimi şagirdlər aşağı siniflərdən etibarən əlavə dərs vəsaitləri ilə yüklənir. Yaşından asılı olmayaraq ağır çanta daşıyan məktəbli həm psixoloji, həm də fiziki təzyiq altında əzilir. 

Asayis.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov açıqlamasında deyib ki, məktəbli çantalarının ağırlığı bəzən 10 kiloqramı keçir, bu nəinki şagirdlər, oAsnların çantalarını daşıyan valideynlərə də ziyandır: 

“Şagirdlər dərsə hər fənn üzrə kitab və dəftərdən başqa, test kitabı və iş dəftəri də aparır. Hazırda 1-ci sinif şagirdinin çantası 7 kiloqram ağırlığındadır.  Azyaşlıları ağır yükdən xilas etmək üçün çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, dərsliklərin həcmində ixtisarlar edilməlidir. Uşaqlar ağır kitabları hər gün evdən məktəbə, məktəbdən evə aparıb-gətirməli deyillər. Tapşırığın surəti çıxarılıb, uşağa verilə bilər”.

Ekspert qeyd edib ki, hazırda orta məktbələrdə tədris proqramı ağırdır, bu isə inkişafla ziddiyyət təşkil edir:

“Təhsilimizi inkişaf etdirmək istəyirik, amma dərs yükünü azaltmırıq. Tədris materialları sadələşdirilmək əvəzinə, hər il daha da qəlizləşdirilir. Ölkədə dərsliklərin məzmunu, həcmi şagirdin yaşına, psixologiyasına uyğun deyil. Məktəb yaşında olan uşaqlar dərslik materiallarını qavraya biləcək potensialda deyillər. Bəzən müəllimlər, valideynlər də dərslikləri anlamaqda çətinlik çəkirlər. Dərsliklər səhifə sayına görə deyil, xitab  etdiyi yaş kateqoriyasına uyğun hazırlanmalıdır. Prosesə müstəqil ekspertlər, uşaq psixoloqları, sosioloqlar cəlb edilməlidir”.

Demokrat.az

11:48 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin