FHN xilasedicisi çimərliyə gələn şəxsə xəsarət yetirdi - Astarada olay

 FHN xilasedicisi çimərliyə gələn şəxsə xəsarət yetirdi - Astarada olay

Astara rayonunda 2001-ci il təvəllüdlü Emin münaqişə zamanı Fəridə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin avqustun 18-də, saat 15.20-də baş verib. 

Emin Astara şəhəri dəniz kənarı çimərlikdən kənarda daşlıq ərazidə Fövqəladə Hallar Nazirliyinin Astara rayon xilasetmə qrupunda xilasedici vəzifəsində işləyərkən Fəridlə aralarında münaqişə yaranıb.

Mübahisə zamanı Fəridin üz nahiyəsinə başla zərbə vuraraq, ona xəsarət yetirib.

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır: “Subayam, hazırda heç bir yerdə işləmirəm. Müqavilə əsasında üç aylıq Fövqəladə Hallar Nazirliyinin Astara rayon dəniz kənarında sudan xilasetmə qrupunda işləmişəm. Zərərçəkmiş Fəridi tanıyıram, əvvəllər yaxşı munasibətlərimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 18-də, saat 15.20-də Astara şəhəri dəniz kənarində çimərlikdə xidmət aparan zaman Fərid çimərliyin kənar tərəfində daşlıq ərazidə çimmək üçün nəzərdə tutulmayan yerdə çimdiyini görüb: “Ona bu ərazidə çimməyin qadağan olduğunu bildirdim. Bu zaman aramızda mübahisə oldu. Mübahisə zamanı Fərid ünvanıma nalayiq ifadələr işlətdiyi üçün onun üz nahiyəsinə bir kəllə zərbəsi vurdum”. 

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Eminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

10:00 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin