Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Asayis.Az xəbər verir ki, A.İmanov “Qafqazinfo”ya açıqlamasında işdən çıxarılması ilə bağlı məlumatın doğru olduğunu bildirib.
O, işdən hansı səbəbdən ayrılması ilə bağlı şərh vermək istəmədiyini vurğulayıb.
Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.
Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmnaovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc edilmişdi.
Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb.
Daha sonra Xarici İşlər Nazirliyi sistemində işləyib.
O, XİN-in əməkdaşı kimi Vətən müharibəsindən sonra dəfələrlə xarici diplomatların işğaldan azad olunmuş rayonlara səfərlərini müşayiət edib.
Qeyd edək ki, faktla bağlı ilk məlumatı Bakupost.az yayıb.