Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova Prezident İlham Əliyevə məktub yazıb.
Asayis.Az bildirir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Otuz il işğal altında qaan torpaqlarımız Sizin apardığınız uğurlu siyasətiniz və mərd, igid Azərbaycan Ordusunun şücaəti sayəsində düşmən tapdağından azad edildi. “Dəmir yumruq" əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.
Mənim qardaşım – Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşmüşdü. Ondan sonra onun yeri uzun illər müəyyən olunmamışdı. Nə özü, nə də üstünə gül-çiçək apara biləcəyimiz məzarı var idi. Bu il sentyabrın 18-də qardaşımın və itkin düşmüş bir sıra digər azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlandı. Daha sonra sentyabrın 30-da qardaşımla 31 il sonra vida mərasimi keçirildi və o, torpağa tapşırıldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin.
Qardaşım Riadın nəşinin tapılmasına və onunla təntənəli vida mərasiminin keçirilməsinə görə, ilk növbədə, Sizə və bu işdə əməyi olan hər kəsə şəxsən öz adımdan və Riadın ailəsi adından dərin təşəkkürümü bildirirəm. Siz bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və dəyərlidir.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Əhmədova Mehriban,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi”. (Modern.az)