Astarada yeni açılan körpünü sel dağıtdı

 Astarada yeni açılan körpünü sel dağıtdı

Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsü dağılıb.

Asayis.Az
 Apa-ya istinadla xəbər verir ki, körpü illərdir qəzalı vəziyyətdə olub. Son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi 3 gün çəkib.

Sakinlərin istifadə edə biləcəyi alternativ yol isə təqribən 6 km məsafədə yerləşir. Bu yoldan da yalnız piyadalar və kiçik həcmli maşınlar istifadə edə bilər. Həmin körpü də qəza vəziyyətdə olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər.

Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndəsi Elşad Məcidov APA-ya bildirib ki, ağır tonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol.

“Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər”, - deyə o əlavə edib.

17:12 - 16 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin