Xankəndidə bayrağımız dalğalanır - Bundan sonra nə olacaq?

 Xankəndidə bayrağımız dalğalanır - Bundan sonra nə olacaq?

"Dünən Prezident İlham Əliyevin Xankəndidə üçrəngli Azərbaycan bayrağını ucaltması tarixi bir hadisə idi. Çünki Azərbaycan xalqının 35 ildən bəri gözlədiyi an yetişdi və müstəqillik dönəmində ilk dəfə olaraq Xankəndidə Azərbaycan bayrağı ucalaraq öz layiqli yerini tutdu”. 

Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O, Xankəndidə üçrəngli Azərbaycan bayrağının ucaldılmasından sonra dövlətin şəhər ilə bağlı planlarını və azərbaycanlıların köç prosesini şərh edib. 



Politoloqun sözlərinə görə, 200 ildən artıq davam edən ermənilərin Qarabağ uğrundakı savaşı və ərazi iddiaları artıq bitdi:

“Azərbaycan dünənki hadisə ilə öz suverenliyini bütün ərazisində - anklavlar istisna - təsbit etdi. Eləcə də biz 200 ildir ki, böyük güclərin ortaya atdığı erməni layihəsinin iflasa uğradığını görürük. Bundan sonra da onun xüsusi bir əhəmiyyəti olmayacaq. 

Dünənki hadisədən sonra Xankəndi və digər azad olunan ərazilərdə vaxtilə erməni sakinlər yaşayıblar. Bu gün onlarla bağlı dövlətin konkret proqramı var. Bütün ərazilər üzrə komendantlar təyin olunub. Komendantlar ərazidə, ilk öncə, təhlükəsizlik, asayiş və digər məsələləri həyata keçirəcəklər. Çünki onların qarşısında qoyulan konkret vəzifələr ondan ibarətdir ki, həmin ərazilərdə hər şey olduğu kimi qalmalı, heç bir tarixi-mədəni, mülki obyektlərə zərər dəyməməlidir. Onsuz da Azərbaycan bu prosesi daim həyata keçirib”. 

Analitik xatırladıb ki, bu gün bölgədən könüllü şəkildə köçən ermənilərlə bağlı Fransa Azərbaycana təzyiq etmək istəyir ki, Azərbaycan bunu çox gözəl bilir: 

“O baxımdan, Prezidentin antiterror əməliyyatından öncə və sonrakı, eləcə də Xankəndidəki çıxışında bölgədən köçən ermənilərin geri dönməsi ilə bağlı mesajlar verildi. Son 35 ildə ilk dəfə olaraq Xankəndidəki meydanda 2 xalqın arasında vaxtilə normal olmuş münasibətlərdən, birgəyaşayışdan, dostluqdan danışıldı ki, bu da çox vacib bir amildir. Çünki bir çox beynəlxalq güclər Azərbaycanı etnik təmizləmə ittiham etməyə can atırlar. Baxmayaraq ki, BMT-nin missiyası 2 dəfə bölgədə olub və hər hansı bir zorakılıq, təhdid, təhlükə və etnik təmizləmə elementlərini müəyyən etməyib”. 

Müsahibimiz əmindir ki, komendantın və oradakı asayiş keşikçilərinin əsas vəzifəsi bölgədə olan bütün inzibati və mülki obyektlərin qorunması, orada hansısa neqativ hərəkətə yol verilməməsidir:

“Təbii ki, Azərbaycan tərəfinin erməni əhalisinin geri qayıtması ilə bağlı mövqeyi konstruktiv və səmimidir. Hətta bununla bağlı artıq portal yaradılıb və sovet vaxtından burada yaşayan insanlar, eləcə də hərbi cinayətlərdə iştirak etməyənlər, əgər Azərbaycan qanunlarını qəbul edərək vətəndaşlığımıza keçəcəklərsə, onlar üçün bütün şərait yaradılacaq. Necə ki Prezident də bildirmişdi ki, onları bundan sonra Azərbaycanın tərkibində firavan həyat gözləyir”. 

Siyasi təhlilçiyə görə, Qarabağı tərk edənlərin arasında Livan, Suriya və başqa ərazilərdən Qarabağa köçürülən on minlərlə şəxs var idi:

“Eləcə də Ermənistan ordusunun 10 mindən artıq şəxsi heyəti burada xidmət etmişdi. Onların əhəmiyyətli hissəsi ailələri ilə burada idi. Yəni gedənlərin ciddi bir qismi Qarabağa heç bir aidiyyəti olmayan insanlar idi. Ona görə də Azərbaycan oradakı bütün inzibati, mülki və strateji obyektləri qoruyub ermənilərin geri dönüşü üçün oradakı münbit şəraiti saxlayacaq. 

Düşünürəm ki, Brüssel platformasında da bu məsələ müzakirə olunacaq və Azərbaycanın mövqeyi bəllidir. Bizim əsas vəzifəmiz sistemli şəkildə reinteqrasiya prosesinin həyata keçirilməsi və vətəndaşımız olmaq istəyən şəxslərin qeydiyyata alınmasıdır”. 

16:36 - 16 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin