İşğaldan azad eilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi gələcəkdə qiymətlərə mütləq təsir etməlidir. Bu ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı sözsüz ki, bazarda bolluq yaradacaq ki, bu da bilavasitə qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
Asayis.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var.
“Sözsüz ki, bu torpaqlar minalardan təmizlənməlidir və insanların təhlükəsizliyi təmin edilməlidir. Ancaq yaxşı haldır ki, işğaldan azad edildikdən az sonra təhlükəsiz ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə başlanılıb. Bu il həmin ərazilərdə 72 min hektarda taxıl əkilib, 770 hektarda yazlıq bitkilər əkilib ki, həmin bitkilər arsında günəbaxan, qarğıdalı, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri var.
Həmin ərazilər minalardan tam təmizlənib qurtarandan sonra o torpaqlar əkin dövriyyəsinə daxil ediləcək və orada digər kənd təsərrfüatı məhsullarının əkininə başlanılacaq. Çox yaxşı haldır ki, arıçılar da həmin ərazilərdə arı ailələri yerləşdirir, yay mövsümündə həmin yerlərdə heyvandarlıq üçün lazımi şərait yaradılıb. Digər tərəfdən də həmin rayonlara insanlar köçürülüb və onlar da əkin işlərinə başlayıb”, - deyə T.Rzayev bildirib.
Qeyd edək ki, bu günə qədər 98 min ha-dan artıq ərazi minalardan təmizlənib. Həmin ərazilərdə on minlərlə tank əleyhinə minalar aşkarlanıb. Onlar arasında partlamamış sursatlar, piyada əleyhinə minalar var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır.