Bakıda modelyerin atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Asayis.Az-ın xəbərinə görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 19-na təyin olunub.
Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib.
İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.