Sumqayıt avtobusları “BakıKart”a keçir? - Rəsmi AÇIQLAMA

 Sumqayıt avtobusları “BakıKart”a keçir? - Rəsmi AÇIQLAMA

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 2 ildən çoxdur nağd ödənişə qaytarılıb. 2021-ci il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib. Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının keyfiyyətsiz və yararsız çıxması olub. Nəticədə külli miqdarda zərərlə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.

Qeyd edək ki, elə həmin vaxtdan “Sumqayıt Nəqliyyat” MMC tərəfindən Türkiyədən yeni validatorların gətirilməsi sifariş edilib. Amma hələ də yeni validatorların gətirilməsi barədə məlumat yoxdur.

Az müddət öncə Sumqayıtın nəqliyyat sistemi şəhər İcra Hakimiyyətinin tabeliyindən alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyinə verilib.

Şəhər sakinlərini narahat edən başlıca problemlərdən biri nəhayət ki, avtobuslarda gediş haqqı ödənişinin kart sisteminə keçirilməsinin nəticəsi ilə bağlıdır.

Maraqlıdır, Sumqayıtda fəaliyyət göstərən ictimai nəqliyyat kart sisteminə nə vaxt keçəcək və “BakıKat” Sumqayıtda da keçərli olacaqmı?

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.media-ya açıqlamasında bildirib ki, agentlik köhnədən miras qalan bütün məsələləri mərhələli şəkildə həll etmək niyyətindədir:

“Sumqayıt şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət ötən il AYNA-ya keçib. Hər şeyi sıfırdan qururuq. Ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Nağdsız ödəniş sisteminə keçidlə bağlı Sumqayıtda layihə hazırlanır”.

“BakıKart”ın Sumqayıtda tətbiqinə gəlincə, Tural Orucov bu barədə hələ məlumatın olmadığını vurğulayıb.

Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq  2021-ci ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar - validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.

Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb.

12:00 - 11 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin