Milli Məclisdə “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi müzakirə olunub.
Asayis.Az xəbər verir ki, layihənin məqsədi dövlət ehtiyatlarının dayanıqlığını və onlardan düzgün istifadəni təmin etməkdir.
Qanunun əhəmiyyətini şərh edən iqtisadçı ekspert Pərviz Heydərov açıqlamasında deyib ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlətin ehtiyat tədbirləri var:
“Dövlət ərzaq ehtiyatını elə bir formada tənzimləməyə çalışır ki, fors-major hal baş verərsə, əhalini müəyyən müddət qida ilə təmin edə bilsin. Bu o deməkdir ki, ehtiyatlar nə qədər yüksək səviyyədə təmin edilmiş olsa da bu yalnız müəyyən müddətə vəziyyəti sığortalaya bilər. Əsas məsələ ehtiyatların daha uzun müddətli olmasını təşkil etməkdir ki, bu da müvafiq şəraitin yaradılmasını tələb edir”.
Ekspert qeyd edib ki, ölkənin taxıl ehtiyatları ilə bağlı Milli Məclis qarşısında dəfələrlə hesabatlar dinlənilib:
“Ən az üç aylıq ərzaq buğdası ehtiyatı var. Dünyada vəziyyət qeyri-stabildir. Ərzaq məhsulları sarıdan fors-major hallar yarana bilər, dövlət buna hazır olmalıdır. Lakin bunun ölkə bazarında qiymətlər, idxal-ixrac prosesi ilə heç bir ciddi əlaqəsi yoxdur. Əlbəttə, ehtiyatlar çox olarsa, məhsulu yeri gələndə daxili bazara çıxarmaq da olar. Ehtiyatların dayanıqlığı bazara əlavə dəstək və təsir deməkdir. Belə olan halda hansısa sahibkar həmin məhsulu xaricdən gətirib, ölkədə öz qiymət siyasətini diqtə edə bilməyəcək. Dövlət ehtiyatlarının yaradılması daxili bazarda ucuzlaşma baxımından deyil, qiymətləri sabit saxlamaq baxımından əhəmiyyət kəsb edir”.
Demokrat.Az