18 bal cəriməsi olan vəzifəli şəxs "Land Cruiser"lə qırmızı işıqda keçdi - Saxlandı

 18 bal cəriməsi olan vəzifəli şəxs

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov polis tərəfindən saxlanılıb.

Federasiya rəhbərinin saxlanılmasına səbəb idarə etdiyi "Toyota Land Cruiser” avtomobili ilə yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və polisin ünvanına nəlayiq ifadələr işlətməsi olub.

Federasiya prezidenti 7 oktyabr 2023-cü il tarixində avtomobili saxlanılan zaman Dövlət Yol Polisi əməkdaşlarını təhqir edib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlədib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Cəsarət Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə göndərilib.



Federasiya prezidenti məhkəmə iclasında özünü qismən təqsirli bilərək deyib ki, DYP əməkdaşı tərəfindən saxlanılıb, ona işıqforun qırmızı işığında keçdiyi bildirilib. Həmçinin polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğu üçün 18 balının olduğunu, indi də 3 bal cərimə tətbiq edildiyi üçün sürücülük hüququnun məhdudlaşdırıldığını deyib.

Federasiya prezidenti 12 balı olduğunu və dəfn mərasimindən gəldiyini, psixoloji durumunun yaxşı olmadığını DYP əməkdaşlarına bildirib və
buraxmasını xahiş edib. Lakin polis əməkdaşı onu buraxmayıb, avtomobilinin duracağa aparılmalı olmasını deyib, o da əsəbləşərək, DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib. Hadisə yerinə 14-cü polis bölməsindən əməkdaşları çağırılıb və məcburi şəkildə bölməyə aparılıb.

Təqsirləndirilən şəxs əsəbi olduğu üçün nalayiq ifadə işlətdiyi yol polisi əməkdaşlarından üzr istəyib və tutduğu əməldən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Cəsarət Əhmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilib. Özü ifadəsində etiraf etsə də, onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilib. (Qaynarinfo)

10:48 - 10 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin