Naxçıvanda avtobus sürücüləri tətil edib - Günlük plan 2 dəfə artırılıb

 Naxçıvanda avtobus sürücüləri tətil edib - Günlük plan 2 dəfə artırılıb

Naxçıvanda şəhərdaxili avtobus marşurutlarında işləyən avtobus sürücüləri oktyabrın 5-dən tətilə başlayıblar. Lakin, polis onların bir neçəsini tutub aparıb, digərlərinə hədə-qorxu gəldiyindən, tətil cəmi bir gün çəkib. Tətilə səbəb isə, onlara qoyulan günlük planın iki dəfə, yəni 40 manatdan 80-ə qaldırılması olub. Naxçıvan Dövlət Nəqliyyat Xidməti onlarla yeni şərtlərlə müqavilə bağlamağı təklif edib. 

Asayis.Az
 xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a avtobus sürücüləri məlumat verib. 

Sürücülərdən B. Səfərov deyir ki, saxlanılan sürücü yoldaşları növbəti gün sərbəst buraxılıblar:

“Şəhər daxili marşrutda işləyirəm. Gündəlik 30 manat plan qoymuşdular. Deyirlər ki, yenidən müqavilə bağlamalıyıq. Müqavilədə isə, gündəlik planın 2 dəfə artırılması və yanacaq da daxil olmaqla bütün xərclərin avtobus sürücülərinə aid olması nəzərdə tutulur. Buna etiraz olaraq, oktyabrın 5-də tətilə başladıq, avtobusların hamısı qaraja yığıldı. Bir neçə saat sonra polis gəlib, bir neçə sürücünü tutub, idarəyə apardı, bizi də hədələdilər ki, tətili dayandıraq. Nəqliyyat Xidmətinin əməkdaşları da gəlib dedilər ki, işə çıxın, hər şey yaxşı olacaq. Biz işə çıxdıq, növbəti gün saxlanılanları sərbəst buraxdılar”. 

Adının çəkilməsini istəməyən digər sürücü isə deyir ki, şərtlər yüngülləşdirilməsə, yenidən tətilə başlayacaqlar:

“4 il əvvəl 3 min manat verib işə düzəlmişəm. Onsuz da şərtlər ağır idi. Hər gün işə çıxanda 40 manat plan verirdim. Avtobusun bütün xərcləri də bizim üzərimizdə idi. Yanacağı, xarab olanda ehtiyat hissələrini özümüz alırdıq. İndi planı iki dəfə qaldırıb 80 manat etmək istəyirlər. Yenə də bütün xərclər üzərimizdə qalır. Belə çıxır ki, biz ailəmisə çörək aparmamalıyıq. İşləyib ancaq bunlara verməliyik. Artıq başqa çarəmiz yoxdur. Ona görə də etiraza qalxdıq. Söz veriblər ki, guya düzələcək. Əgər, sözlərini tutmasalar, yenidən tətil edəcəyik”. 

14:24 - 9 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin